Yerli icra hakimiyyəti orqanlarında görüşlər davam edir

Dövlət-biznes tərəfdaşlığı formatında investorlar üçün maraq doğuran layihələrin müzakirəsi, eləcə də bu sahədə dövlət dəstəyi mexanizmləri barədə yerli icra hakimiyyəti orqanlarının məlumatlandırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzi bölgələrə işgüzar səfərlərini davam etdirir.

Belə ki, cari ilin 5-6 sentyabr tarixlərində ölkəmizin Dağlıq Şirvan iqtisadi rayonuna baş tutmuş səfər çərçivəsində DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısıTahir Məmmədov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla işgüzar görüşlər keçirmişlər.

Digər regional səfərlərdə olduğu kimi, görüşlər zamanı DÖST İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə ətraflı məlumat verilmiş, iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri kimi DÖST mexanizmləri tətbiqinin genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.

Yerli icra hakimiyyəti orqanları öz növbəsində dövlət-biznes tərəfdaşlığı formatında investisiya tələb olunan sahələri müzakirə etmiş, həmçinin istirahət/turizm zonalarının inşası, tullantıların idarəolunması və utilizasiyası, elektrik enerjisi stansiyalarının tikintisi, premium seqmentə aid olmayan otel şəbəkələrinin inşası, müxtəlif səpkilərdə emal müəssisələrinin yaradılması və s. sahələr üzrə prioritet layihələr barədə məlumatların təqdim ediləcəyini bildirmişlər.