“Yeni dövrdə iqtisadi əməkdaşlığa dəstək alətləri” mövzusunda dəyirmi masa keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti 17 noyabr 2022-ci il tarixində Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə “Yeni dövrdə iqtisadi əməkdaşlığın dəstəklənməsi alətləri” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Dəyirmi masa iştirakçıları “Xüsusi iqtisadi zonalar sahəsində əməkdaşlıq – sənaye kooperasiyasının yeni aspektləri” və “İnvestisiya platformaları: operatorların cari ehtiyacları və dövlət dəstəyi imkanları” mövzularında təqdimatlarla çıxış ediblər.
DÖST İnkişaf Mərkəzinin direktoru – Anar Salmanov dəyirmi masada “Dövlət-özəl sektor tərəfdaşlığı proqram və layihələrinin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında qeyd edib ki, iqtisadi əlaqələrin qloballaşması inkişaf etməkdə olan ölkələrə investisiyaların cəlb edilməsi zəruriyyətini yaradır. Və bu baxımdan Azərbaycan öz iqtisadi siyasətini iqtisadiyyatın açıqlığı, biznes üçün infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, biznes ictimaiyyəti və vətəndaşlar üçün inflyasiya yükünün azaldılması, eləcə də nəqliyyat, logistika və tranzit sektorlarında infrastrukturun mütərəqqi inkişafı kimi prinsiplər üzərində qurur.
Anar Salmanov qeyd edib ki, son 20 ilin təcrübəsi göstərir ki, dövlət-özəl tərəfdaşlığı formatında biznesin idarə edilməsi bir tərəfdən iqtisadi inkişafın təmin edilməsi, resursların və istifadə olunmamış ehtiyatların artırılması, digər tərəfdən isə dövlət idarəçiliyinin səmərəliliyi baxımından uğurlu mexanizmdir, və milli iqtisadiyyata xarici investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsinə xidmət edən azad iqtisadi zonalar Azərbaycanda DÖST mexanizminin aktivləşdirilməsinin əlavə alətinə çevrilə bilərlər.
DÖST İnkişafı Mərkəzinin direktoru öz çıxışında cari ilin iyul ayında qəbul edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan DÖST layihələri və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan İnfrastruktur Layihələrinə Dəstək Platforması barədə məlumat verib.
O, həmçinin qeyd edib ki, DÖST İnkişafı Mərkəzi Bakıda və Azərbaycanın regionlarında həyata keçirilməsi planlaşdırılan perspektivli DÖST layihələrinin axtarışı və seçilməsi ilə bağlı işlər aparır, investisiyaların cəlb edilməsinə, potensial tərəfdaşların axtarışına və müxtəlif infrastruktur sektorlarında pilot layihələrin həyata keçirilməsinə dəstək verir.