Türkiyəyə DÖST sahəsində təcrübə mübadiləsi səfəri keçirilmişdir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti Türkiyənin dövlət-biznes tərəfdaşlığı formatında qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədi ilə cari ilin 15-19 avqust tarixlərində bu ölkəyə işgüzar səfər etmişdir.
Səfər çərçivəsində 15 avqust tarixində DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST mühitinin təkmilləşdirilməsi və potensialın gücləndirilməsi departamentinin müdiri Anar Yusufzadə “Albayrak Holding” Qrupunun baş ofisində görüşlərdə olmuş və toplantılarda iştirak etmişlər. Burada dövlət-biznes tərəfdaşlığı sahəsində mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılmış, Azərbaycanda DÖST mexanizminin tətbiqi üçün geniş imkanların mövcud olduğu qeyd edilmişdir. Eyni zamanda, ölkəmizin işğaldan azad olunmuş ərazilərində də dövlət-özəl tərəfdaşlığı formatında investisiya fəaliyyəti üçün böyük potensialın olduğu diqqətə çatdırılmışdır.
Daha sonra, 16 avqust tarixində nümayəndə heyəti “Albayrak Holding” Qrupuna daxil olan “Tümosan Traktor və Motor Fabriki”, “Döküm Fabriki” və “Kademe Araç Üstü Ekipman Fabrika” müəssisələrinə dəvət edilmiş, texnoloji-istehsalat prosesinin tam zənciri ilə tanış olmuşdular. Səfərin üçüncü günü isə nümayəndə heyəti Qrupa aid olan digər müəssisələrə – “Varaka Albayrak Kağız Fabrikası”na, “Vogel Albayrak Ayaqqabı Fabrikası”, “40 MW Albayrak Elektrik Stansiyası” – səfər edərək texnoloji-istehsalat prosesi ilə yaxından tanış olmuşdular.
Avqust ayının 18-19 tarixlərində DÖST İnkişafı Mərkəzinin nümayəndə heyəti İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın və bu sahəyə cavabdeh olan digər rəsmi şəxslər ilə görüşmüş və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparmışlar.