Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə görüş keçirilib

Cari ilin 25 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Fatih Yılmaz və Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga arasında işgüzar görüş keçirilib.

Tanışlıq görüşündə DÖST İnkişafı Mərkəzi və TİKA arasında ikitərəfli əməkdaşlığın qurulması imkanlarına, bu istiqamətdə müvafiq ortaq tədbirlərin və layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, tərəflərarası əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov Mərkəzin fəaliyyət istiqamətləri, dövlət-özəl tərəfdaşlığı sahəsində  mövcud dövlət dəstəyi mexanizmləri, planlaşdırılan DÖST layihələri və onların məlumat bazası, ölkəmizdə DÖST-ün institusional mühiti haqqında məlumat vermiş, həmçinin qeyd etmişdir ki, ölkəmizin 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsi işğaldan azad edilmiş ərazilərə, o cümlədən DÖST formatında da iri sərmayələrin yatırılması üçün geniş imkanlar yaradıb.