Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional səfər baş tutmuşdur
Dövlət-biznes tərəfdaşlığı formatında perspektiv investisiya istiqamətlərinin müzakirəsi və bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə yerli icra hakimiyyəti orqanlarının məlumatlandırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti bu dəfə Şəki-Zaqatala iqtisadi rayonu üzrə səfərdə olmuşdur.
Cari ilin 7-9 sentyabr tarixlərində baş tutmuş səfər çərçivəsində DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevlə işgüzar görüşlər keçirmişlər.
Görüşlər zamanı DÖST İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə ətraflı məlumat verilmiş, iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri kimi DÖST mexanizmləri tətbiqinin genişləndirilməsinin zəruriliyi vurğulanmış, Şəki-Zaqatala iqtisadi rayonu üzrə dövlət-biznes tərəfdaşlığı formatında investisiya tələb olunan sahələr müzakirə edilmişdir.
Yerli icra hakimiyyəti orqanları öz növbəsində tullantıların idarəolunması və utilizasiyası, turizm/istirahət obyektlərinin inşası, süd emalı, meyvə emalı, tütünçülük, baramaçılıq və ipəkçilik sahəsində müəssisələrin yaradılması üzrə prioritet layihələr barədə məlumatların təqdim ediləcəyini bildirmişlər.