Regional səfərlər davam edir

Dövlət-biznes tərəfdaşlığı formatında perspektiv investisiya layihələrinin müzakirəsi, eləcə də dövlət dəstəyi mexanizmləri barədə yerli icra hakimiyyəti orqanlarının məlumatlandırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyətinin bölgələrə işgüzar səfəri davam edir.

 

Səfər çərçivəsində cari ilin 18–21 iyul tarixlərində DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST Layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov və Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevla işgüzar görüşlər keçirmişlər.

 

Digər regional səfərlərdə olduğu kimi, görüşlər zamanı DÖST İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə ətraflı məlumat verilmiş, iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri kimi DÖST mexanizmləri tətbiqinin genişləndirilməsinin zəruriliyi vurğulanmış, yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət-biznes tərəfdaşlığı formatında investisiya tələb olunan sahələr müzakirə edilmiş, həmçinin prioritet layihələr təqdim edilmişdir.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” ölkə başçısının 07.07.2021-ci il tarixli 1386 nömrəli Fərmanında təsbit edilmiş bölgüyə əsasən regional səfərlər davam edəcək.