Quba-Xaçmaz iqtisadi rayonuna səfər edildi
Dövlət-biznes tərəfdaşlığı formatında perspektiv investisiya istiqamətlərinin müzakirəsi, bu səpkidən olan layihələrin həyata keçirilməsi üçün təkliflərin dinlənilməsi, təhlili və həmin layihələrin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, eləcə də bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə yerli icra hakimiyyəti orqanlarının məlumatlandırılması məqsədilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti Quba-Xaçmaz iqtisadi rayonuna səfər etmişdir.
Cari ilin 20-21 oktyabr tarixlərində baş tutmuş səfər çərçivəsində DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə işgüzar görüşlər keçirmişlər.
Görüşlər zamanı DÖST İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə ətraflı məlumat verilmiş, iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri kimi DÖST mexanizmləri tətbiqinin genişləndirilməsinin zəruriliyi vurğulanmış, Quba-Xaçmaz iqtisadi rayonu üzrə dövlət-biznes tərəfdaşlığı formatında investisiya tələb olunan sahələr müzakirə edilmişdir.
Müzakirələr zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən kəsim məntəqələrinin tikintisi, dənizdə balıq yetişdirmə sistemlərinin qurulması, müxtəlif səpkilərdə emal müəssisələrinin yaradılması, turizm / istirahət zonalarının inşası, tullantıların emalı və utilizasiyası və çoxmərtəbəli yaşayış komplekslərinin tikintisi sahələri üzrə layihələrin icrasına ehtiyac olduğu vurğulanmış, bu barədə müvafiq məlumatların təqdim ediləcəyi bildirilmişdir.