Növbəti regional səfər baş tutdu

Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət-biznes tərəfdaşlığı formatında perspektiv investisiya layihələri barədə təkliflərin təqdim edilməsi, təhlili və həmin layihələrin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti bu dəfə Abşeron-Xızı iqtisadi rayonu üzrə səfərdə olmuşdur.

Cari ilin 18-19 oktyabr tarixlərində baş tutmuş səfər çərçivəsində DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Fəzail Hüseynov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovla işgüzar görüşlər keçirmişlər.

Görüşlər zamanı DÖST İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə ətraflı məlumat verilmiş, iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri kimi DÖST mexanizmləri tətbiqinin genişləndirilməsinin zəruriliyi vurğulanmış, Abşeron-Xızı iqtisadi rayonu üzrə dövlət-biznes tərəfdaşlığı formatında investisiya tələb olunan sahələr müzakirə edilmişdir.

Yerli icra hakimiyyəti orqanları tərəfindən Sumqayıt şəhərində və Abşeron rayonunda nəqliyyat sektoru üzrə (alternativ avtomobil yolları), tullantıların emalı, «smart city» konsepsiyasının tətbiqi, Xızı rayonunda turizm sektoru üzrə (otel, restoran və əyləncə mərkəzləri), kənd təsərrüfatı üzrə (qapalı şəraitdə xırda buynuzlu ətlik, südlük, gön dəri və yunluq heyvanların yetişdirilməsi) layihələri barədə məlumatların təqdim ediləcəyi bildirilmişdir.