KOBİA nümayəndə heyəti 7-ci İstanbul DÖST Həftəsində iştirak etdi

Cari ilin 16-19 yanvar tarixlərində İstanbulda keçirilən 7-ci Dövlət-Özəl Tərəfdaşlığı (DÖST) Həftəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndə heyəti təmsil olunmuşdur.

Tədbirin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə DÖST mexanizminin tətbiqi, bu sahədə görülən işlər barədə məlumat verdi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müxtəlif sahələrdə DÖST layihələrinin icrasının nəzərdə tutulduğunu qeyd etdi və dövlət-özəl tərədaşlığının bütün aspektlərini əhatə edən “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunun qüvvəyə mindiyini bildirdi.

Açılış mərasimindən sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DÖST İnkişafı Mərkəzinin direktor müavini Hamlet İsmayılov Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşüb. Görüşdə nəqliyyat və infrastruktur sahəsində dövlət-özəl tərəfdaşlığına, Türkiyə şirkətlərinin ölkəmizdəki fəaliyyətinə, Azərbaycanda biznes qurmaq istəyən iş adamlarına KOBİA-nın göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparıldı.

7-ci İstanbul DÖST Həftəsi çərçivəsində KOBİA-nın nümayəndə heyəti dövlət-özəl sektor tərəfdaşlığı sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının (WAPPP) prezidenti Ziad Aleksandr Hayek ilə də görüşüb. Görüşdə KOBİA-nın DÖST sahəsində göstərdiyi dəstək, eləcə də WAPPP ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edildi.

Tədbir zamanı keçirilən panel müzakirələr və təqdimatlar zamanı DÖST İnkişafı Mərkəzinin direktor müavini Hamlet İsmayılov tədbir iştirakçılarına Mərkəzin Bakıda və ölkə regionlarında həyata keçirilməsi planlaşdırılan perspektivli layihələrin axtarışı və seçilməsində, bu sahədə investisiyaların cəlb edilməsində, potensial tərəfdaşların axtarışı və müxtəlif infrastruktur sektorlarında pilot layihələrin həyata keçirilməsində KOBİA-nın maraqlı olduğunu vurğuladı.