Dövlət-özəl tərəfdaşlığına həsr edilmiş seminar keçirilib
«Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Fondunun dəstəklənməsi» layihəsinin implementasiyası ilə əlaqədar Azərbaycan Respublikasında səfərdə olan Asiya İnkişaf Bankının missiyasının iştirakı ilə İqtisadiyyat Nazirliyində dövlət-özəl tərəfdaşlığı layihələrinin seçilməsi alətlərinin müəyyən edilməsinə həsr edilmiş seminar keçirilib.
Tədbirdə digər aidiyyəti dövlət qurumları ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndələri də iştirak edib.
Seminarda çıxış edən iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov ölkəmizlə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi istiqamətində ölkəmizin geniş potensiala malik olduğunu, bu istiqamətdə gələcək fəaliyyətlərin həyata keçirilməsi üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Seminarda AİB-in ekspertləri – Prakash Rao, Mişel Leuşuis və Patrick Blanchard – tərəfindən layihə seçimi təlimatı üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.