“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanun 8 bölmə və 40 maddədən ibarətdir.
"Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun mətni 27 dekabr 2022-ci il tarixində Prezidentin rəsmi internet səhifəsində dərc olunub. https://president.az/az/articles/view/58404
“Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun tətbiqi ilə bağlı müvafiq Fərmana https://president.az/az/articles/view/58405 əsasən, Nazirlər Kabineti dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq etməlidir.
Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək, habelə dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi üçün “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olundu. Həmçinin, İqtisadiyyat Nazirliyi dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqan kimi müəyyənləşdirildi.
Eyni zamanda, bu Qanun qüvvəyə mindiyi gündən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilməklə onun əsasında bağlanılmış müqavilələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq ediləcək.