Dövlət-özəl sektor tərəfdaşlığına dair Asiya İnkişaf Bankı ilə fikir mübadiləsi aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov «Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Fondunun dəstəklənməsi» layihəsinin implementasiyası ilə əlaqədar Azərbaycan Respublikasında səfərdə olan Asiya İnkişaf Bankının Dövlət-Özəl Sektoru üzrə missiyası ilə görüşüb.

Görüşdə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində Asiya İnkişaf Bankı ilə əməkdaşlığa və bu sahədə Bankın təcrübəsinin öyrənilməsinə maraq ifadə olunub, KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin əməkdaşlarının müvafiq sahədə sertifikasiyasının dəstəklənməsi və maliyyələşməsinə, təlim səfərinin, birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin, Asiya İnkişaf Bankının missiyasına ölkəmizdə biznes mühitin mütəmadi inkişafına böyük önəm verildiyi üçün cari ilin 22 iyul tarixində dövlət-özəl tərəfdaşlığı çərçivəsinin daha da təkmilləşdirilməsinə dair bir sıra təşəbbüsləri ehtiva edən «Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi İnkişaf Strategiyası»nın qəbul olunduğu, DÖST İnkişafı Mərkəzinin rəsmi internet səhifəsinin fəaliyyətə başladığı, dövlət-özəl tərəfdaşlığı formatında layihələr üzrə məlumat bazasının formalaşdırılması, müvafiq sahə təşkilatları və onların məsul şəxsləri barədə məlumat bazalarının yaradılması, on-line təlim platformasının istifadəyə verilməsi haqqında da məlumat verilmişdir.

Eyni zamanda, 44 gün davam edən ikinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda KOBİA tərəfindən də öz səlahiyyətləri daxilində biznesin inkişafının dəstəklənməsi, habelə bu ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin hazırlandığı qeyd edilərək, azad olunmuş ərazilərdə dövlət-özəl tərəfdaşlığı formatında investisiya fəaliyyəti üçün böyük potensialın olduğu diqqətə çatdırılmışdır.