DÖST İnkişafı Mərkəzinin nümayəndəsi Pakistanda keçirilmiş Mühəndislik və Səhiyyə Sərgisində iştirak etmişdir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin DÖST İnkişafı Mərkəzinin DÖST mühitinin təkmilləşdirilməsi və potensialın gücləndirilməsi departamentinin müdiri Anar Yusufzadə Pakistanın Ticarət Nazirliyi və Ticarətin İnkişafı İdarəsinin birgə təşkilatçılığı ilə cari ilin 23-25 fevral tarixlərində Lahor şəhərində keçirilmiş və yerli iş adamları ilə Pakistan ixracatçıları arasında əlaqələrin yaradılması üçün bir platforma rolunu oynayan 2-ci Mühəndislik və Səhiyyə Sərgisinin açılış mərasimində iştirak etmişdir.
Səfər çərçivəsində Anar Yusufzadə Pakistanın Puncab vilayətinin DÖST təşkilatının İdarə Heyətinin sədri Amjad Ali Avan və DÖST təşkilatının baş direktoru Muhammad Daniş ilə görüşüb. Görüş zamanı Anar Yusufzadə Azərbaycanda iqtisadi sahədə əldə edilmiş uğurlar, aparılan islahatlar, ölkəmizdə DÖST mexanizminin tətbiqi üçün geniş imkanların mövcudluğu, həyata keçirilə biləcək perspektiv layihələr barədə qarşı tərəfə ətraflı məlumat vermişdir. Pakistanlı həmkarlarla DÖST sahəsində gələcək əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə olunmuş, birgə təşəbbüslərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə dövlət-özəl tərəfdaşlığı formatında «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin implementasiyası ilə bağlı investisiya fəaliyyəti üçün böyük potensialın olduğu qarşı tərəfin diqqətinə çatdırılmışdır.