DÖST İnkişafı Mərkəzinin nümayəndə heyəti Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə regional səfər etdi
Cari ilin 7–8 dekabr tarixlərində yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət-özəl tərəfdaşlığı formatında perspektiv investisiya layihələri barədə təkliflərin təqdim edilməsi, təhlili və həmin layihələrin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti regionlarda işgüzar görüşlər keçirmişlər. KOBİA adından görüşlərdə DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin direktor müavini Hamlet İsmayılov iştirak edib.
İşgüzar görüşlərin gündəliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yerli icra hakimiyyətləri arasında səmərəli investisiya layihələrinin müəyyən edilməsi və reallaşdırılması təşkil etmişdir.
Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Naftalan şəhərinin, Goranboy, Göygöl və Samux rayonlarının rəhbərləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində sahibkarlara yaradılan şərait barədə ətraflı məlumat vermişdilər. Həmçinin, gələcəkdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən birini əhatə edən turizm, ekologiya, kənd təsərrüfatı sahələri üzrə uyğun layihələrin həyata keçirilməsi xüsusi vurğulanmış, yerli icra hakimiyyətləri tərəfindən tullantıların emalı, nəqliyyat-loqistika, otel, ticarət və əyləncə mərkəzləri, meyvə və süd emalı müəssisələri, soyuducu anbar və kameraların tikintisi üzrə layihələrə dair məlumatların təqdim ediləcəyini bildirmişdir.
Öz növbəsində Mərkəzin direktoru qeyd etmişdir ki, təqdim ediləcək perspektiv investisiya layihələri onların investisiya cəlbediciliyi, habelə kiçik və orta biznes subyektlərinin müvafiq layihələrin implementasiyasında iştirakı prizmasından qiymətləndiriləcək, həmin layihələr maliyyə-mənfəət göstəriciləri üzrə qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək müsabiqəyə çıxarılacaqdır.