DÖST İnkişafı Mərkəzinin əməkdaşlarına nüfuzlu beynəlxalq sertifikatlar təqdim olundu
Cari ilin 5-6 oktyabr tarixlərində Bişkekdə keçirilən «DÖST sahəsində Beynəlxalq Konfrans» çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən dövlət sektorunun nümayəndələrinə «Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün dövlət-özəl sektor tərəfdaşlığının qiymətləndirilməsi Metodologiyası» üzrə «Just-In-Time Training» formatında qapalı təlim sessiyası təşkil edilmişdir.
Qiymətləndirmə metodologiyası DİM-lər və dövlət-özəl tərəfdaşlığı üzrə infrastruktur layihələrinin qiymətləndirilməsi üçün unikal platforma olmaqla yanaşı, qlobal çağırışlara diqqət yetirməklə layihələrin «insanlar üçün dəyər» və «planet üçün dəyər» yaratmasını təmin edir. Ümumilikdə, sözügedən metodologiya davamlı inkişafın, o cümlədən dövlət-özəl tərəfdaşlığı layihələrində özünüqiymətləndirməni və infrastrukturun maliyyələşdirilməsini təmin etmək üçün mühüm alətlərdən biri kimi istifadə edilə bilər.
Təlim sessiyasında DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST mühitinin təkmilləşdirilməsi və potensialın gücləndirilməsi departamentinin baş layihə koordinatoru Rəşid Salıfov iştirak etmişdirlər. Sessiyanın sonunda DÖST İnkişafı Mərkəzinin nümayəndələrinə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən müvafiq sertifikatlar təqdim edilmişdir ki, bu sertifikatlar Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində əldə edilən ilk mötəbər beynəlxalq sertifikatlardır.