DÖST İnkişafı Mərkəzi «Ağıllı Şəhər» (World Smart City Expo 2022) beynəlxalq sərgidə iştirak edib
Cari ilin 31 avqust - 2 sentyabr tarixlərində Koreya Respublikasında keçirilmiş beynəlxalq sərgidə, DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST mühitinin təkmilləşdirilməsi və potensialın gücləndirilməsi departamentinin müdiri Anar Yusufzadə şəhər infrastrukturunu idarə etmək və vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə dünyanın aparıcı texnoloji şirkətləri tərəfindən təqdim edilmiş innovasiyalar ilə tanış olublar.
Sərgidə, DÖST İnkişafı Mərkəzinin nümayəndə heyəti Koreyanın bir sıra böyük şirkətləri, o cümlədən «Korea Water Resorces Corporation», «Gomirang.Co.LTD», «Landroad İnc», «Pathfinder», «İF Technology», «Hanchuk Tech», «Korea Agency for İnfrastructure Technology», «Hanwha Systems», «Toads Co., LTD» və «Busan IT İndustry Promotion Agency» ilə görüşlər keçirmişdir. Görüşlər zamanı koreyalı tərəfdaşlara gələcək əməkdaşlıq və investisiyalar üçün istiqamətlər və imkanlar barədə ətraflı məlumat verilmişdir.
Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən akkreditə olunmuş xarici bazarlara çıxarılması tövsiyə olunan kommersiya şirkətlərindən ibarət olan Koreyanın G-PASS İxrac Assosiasiyası ilə də əməkdaşlıq sahəsində razılaşma əldə edilmişdir.
Sərgidə, həmçinin Qırğızıstan Respublikasının DÖST İnkişafı Mərkəzinin rəhbəri Sanjar Bolotov ilə görüş keçirilmiş və DÖST sahəsində bilik və təcrübə mübadiləsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
“World Smart City Expo 2022” sərgisi Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi ilə Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Asiya-Sakit Okean regionunda ən böyük «ağıllı şəhər» tədbiridir. Sərgidə ən son texnologiyalar, o cümlədən ağıllı şəhər planlaması, pilotsuz nəqliyyat vasitələri, şəhər nəqliyyatı və parkinqlərin idarə edilməsi sistemləri və s. nümayiş etdirilmiş, həmçinin dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının, şirkətlərin nümayəndələri və ekspertlər sərgidə iştirak etmişlər.