BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) Katibliyi tərəfindən virtual təqdimat keçirilib

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün dövlət-özəl sektor tərəfdaşlığının qiymətləndirilməsi Metodologiyasının təbliğ olunması və istifadəsinin təmin olunması məqsədilə cari ilin 27 sentyabr tarixində UNECE Katibliyi tərəfindən virtual təqdimat keçirilib.

Tədbirdə Türkiyə, Qırğızıstan, Serbiya və digər ölkələrin aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndələri də iştirak edib. Virtual görüşdə iştirak edən DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov tədbirin mövzusu ilə bağlı aparılmış müzakirələrdə iştirak etmiş, DÖST modelinin özəl sektordan vəsaitləri səfərbər etməklə DİM-lərə nail olmaqda mühüm alət kimi çıxış etdiyini nümayiş etdirən təqdimatlarla tanış olmuşlar. Ümumilikdə, Metodologiya davamlı inkişafın, o cümlədən infrastrukturun maliyyələşdirilməsində mühüm alətlərdən biri ola bilər.

Qeyd edək ki, DÖST İnkişafı Mərkəzi dövlət-özəl tərəfdaşlığı sahəsində ixtisaslaşmış təşkilatlardan biri olan Ümumdünya Dövlət-Özəl Tərəfdaşlıq Birlikləri və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv olub. WAPPP dünyanın müxtəlif ölkələrində fəaliyyətdə olan dövlət-özəl tərəfdaşlıq sferasına aid olan fiziki və hüquqi şəxsləri bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Assosiasiyanın əsas məqsədi dövlət-özəl tərəfdaşlığı sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi üçün maarifləndirmə işlərinin aparılması, bu sahəni tənzimləyən qurumlar arasında institusional şəbəkənin yaradılması və saxlanılmasıdır.