BMT-nin Avropa İqtisadi Komissiyası 2023-cü il üçün dövlət-özəl tərəfdaşlığı formatında infrastruktur mükafatının qaliblərini elan etdi

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) VII Beynəlxalq Dövlət-özəl Tərəfdaşlığı Forumunun bir hissəsi olaraq, UNECE dairəvi iqtisadiyyat gündəliyinə və dayanıqlı inkişaf məqsədlərinə (DİM) töhfə verən ən yaxşı dövlət-özəl tərəfdaşlığı formatında infrastruktur layihələrini nümayiş etdirmək üçün müsabiqə təşkil etdi. Müsabiqə üçün tələb olunan layihələrə münasibətdə – xammalın istifadəsinin azaldılması, mövcud resursların (məhsulların) təkrar istifadəsi və təmiri, texnoloji və sənaye komponentlərinin təkrar emal edilməsi, təkrar emal oluna bilməyən tullantılardan enerjinin bərpası – kimi yanaşmanın ehtiva olunması şərt olaraq irəli sürülmüşdür.

Finalçılar beynəlxalq münsiflər heyəti tərəfindən nəqliyyat, səhiyyə, təhsil, su və kanalizasiya, tullantıların idarə edilməsi və bərpa olunan enerji kimi davamlı mühüm sektorlar üzrə ümumi kapital xərcləri 38,7 milyard ABŞ dolları olmaqla, 33 ölkədən ümumi sayı 49 layihə arasından müxtəlif sektorlar üzrə aşağıdakı kimi səsvermə yolu ilə seçilib (UNECE-nin dövlət-özəl tərəfdaşlığı və infrastrukturun qiymətləndirilməsi və reytinq sistemi (PIERS) metodologiyasından istifadə etməklə):

  • I yer – 1915-ci il Çanaqqala Körpüsü layihəsi (Türkiyenin Dardanel boğazından keçən dünyanın ən uzun asma körpüsüdür);
  • II yer –Sloveniyanın Lyublyana şəhərində ictimai binalar üçün enerji təmiri layihəsi;
  • III yer – Nepalın Daran şəhərində tullantılardan enerjiyə çevirmə layihəsi (bu da məişət tullantılarının 75 faiz azaldılmasına töhfə verir).

Qeyd edirik ki, qalib layihələr beynəlxalq münsiflər heyəti tərəfindən dairəvi iqtisadiyyata, iş yerlərinin yaradılmasına, bərpa olunan enerjidən istifadəyə, karbon qazı neytrallığına, istixana qazı emissiyalarının, tullantıların və yoxsulluğun azaldılmasına yönəlik töhfələrinə görə bəyənilmişdir.