Bişkekdə Beynəlxalq DÖST Konfransı keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti cari ilin 5-6 oktyabr tarixlərində Bişkekdə Qırğızıstan Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin DÖST Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq DÖST Konfransında iştirak edir. Konfrans Asiya İnkişaf Bankının, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) UNİCEF-in dəstəyi ilə təşkil olunub.

Konfrans təcrübə mübadiləsi və DÖST-ün gələcək perspektivlərinin inkişafının müzakirəsi və nümayişi üçün platforma rolunu oynayacaq. Tədbirə 30-dan çox məruzəçi,  200 iştirakçı qoşulub, 8-dən çox tematik sessiya və müzakirələr keçirilir. Konfransda Qırğızıstan Respublikasının rəhbərliyi, xarici DÖST agentlikləri, beynəlxalq inkişaf tərəfdaşları, özəl şirkətlər və DÖST sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

Bu gün, forumun ilk günü tədbirdə iştirak edən nümayəndə heyətləri, o cümlədən DÖST İnkişaf Mərkəzinin direktoru - Anar Salmanov və DÖST mühitinin təkmilləşdirilməsi və potensialın gücləndirilməsi departamentinin baş layihə koordinatoru - Rəşid Salıfov - Asiya İnkişaf Bankı (ADB), Avrasiya İnkişaf Bankı (EDB), İslam İnkişaf Bankı (IsDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), eləcə də Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (MIGA) nümayəndələrinin DÖST-ün maliyyələşdirilməsi və mühitinin yaxşılaşdırılmasına, DÖST layihələrinin hazırlanması təcrübəsinə həsr olunmuş  təqdimatları ilə tanış olublar.

Konfransın birinci günü çərçivəsində DÖST İnkişaf Mərkəzinin nümayəndə heyəti Qırğızıstan Respublikasının DÖST Mərkəzinin nümayəndə heyəti ilə işgüzar görüş keçirib. Görüşdə DÖST-ün inkişaf perspektivləri və iqtisadiyyatın enerji, nəqliyyat, səhiyyə kimi əsas sektorlarında DÖST mexanizminin tətbiqinin qabaqcıl təcrübələri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, DÖST İnkişaf Mərkəzinin nümayəndə heyəti Asiya İnkişaf Bankının Dövlət İdarəçiliyi üzrə Mütəxəssisi Yuji Miyaki, Avrasiya İnkişaf Bankının DÖST layihələri üzrə direktoru Svetlana Maslova, Avrasiya İnkişaf Bankının Nəqliyyat və İnfrastruktur Direktorluğunun icraçı direktoru Sergey Paseko, UNECE-nin Əməkdaşlıq və Tərəfdaşlıq Bölməsinin rəhbəri Toni Bonnici və UNECE-nin DÖST məsələləri üzrə baş məsləhətçisi Tatyana Bessarab ilə bir sıra “ayaq üstə” görüşlər keçirib. Görüşlərdə gələcək əməkdaşlıq planları və formatı ətrafında fikir mübadiləsi aparılıb.