Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri ilə görüş keçirildi
Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova, təşkilatın Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə eksperti Filip Drapak və İnvestisiya üzrə eksperti Aknur Cumatova ilə görüşüb.
İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin nəzdində fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin faəliyyət istiqamətləri, rəsmi internet saytının fəaliyyətə başlaması, onlayn təlim platforması, planlaşdırılan DÖST layihələri və onların məlumat bazası, ölkəmizdə DÖST-ün institusional mühiti haqqında məlumat vermiş, Azərbaycanda DÖST-ün normativ-hüquqi bazasının təkmilləşdirilməsi sahəsində işlərin davam etdiyini, DÖST-ün bütün modellərini özündə ehtiva edəcək yeni qanun layəsinin hazırlanaraq qanunvericilik orqanına təqdim edildiyini qeyd etmişdir.
Görüşdə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində birgə əməkdaşlığa, KOB-ların iştirakı ilə bu sahədə layihələrə texniki və ekspert dəstəyinin göstərilməsinə, onların maliyyələşdirilməsinə, Layihələrin İnkişafı Fondunun yaradılmasına, eyni zamanda DÖST İnkişafı Mərkəzinin əməkdaşlarının sertifikasiyası imkanlarına dair fikir mübadiləsi aparılıb.