FAQ
DÖST nədir?
Dövlət-Sahibkar tərəfdaşlığı investisiyalar investisiyalar vasitəsilə dövlət aktivlərininin (xidmətlərinin) təmin edilməsi üçün bir tərəfdən dövlət və digər tərəfdən özəl sektor arasında razılaşma deməkdir. Eyni zamanda, özəl sektorla dövlət arasında riskləri dəqiq müəyyən edilmiş bölgü olmaqla, DÖST razılaşdırılmış müddət ərzində özəl sektor tərəfindən həyata keçirilən tikinti, idarəetmə və s. işləridir.
Dünya təcrübəsində tətbiq olunan hansı DÖST modelləri var?
Dünya təcrübəsində aşağıdakı DÖST modelləri tətbiq edilir:
- Tik – İdarə et – Təhvil ver
- Tik – Sahib ol – İdarə et – Təhvil ver
- Tik – Sahib ol – İdarə et
- Tik – Təhvil ver – İdarə et
- Tik – İdarə et – Saxla – Təhvil ver
- Dizayn et – Tik – Sahib ol – İdarə et – Təhvil ver
- Dizayn et – Tik – Maliyyələşdir – İdarə et
- Dizayn et – Tik – Maliyyələşdir – Saxla
Azərbaycan Respublikasında DÖST-ün hansı modeli tətbiq edilir?
Hazırda Azərbaycanda DÖST-ün «Tik – İdarə et – Təhvil ver» modeli (TİT) «Build – Operate – Transfer» (BOT) tətbiq edilir.
«TİT» modeli üzrə hansı DÖST layihələri həyata keçirilə bilər?
«TİT» modeli əsasında aşağıdakı DÖST layihələri icra oluna bilər:
- körpülər, tunellər;
- su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;
- mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri;
- kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;
- idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;
- sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;
- kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;
- geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;
- şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;
- xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.
DÖST layihələri çərçivəsində hansı dövlət dəstəkləri mövcuddur?
DÖST layihələri çərçivəsində aşağıdakı dövlət dəstəkləri təmin edilir:
- əməkdaşlıq yardımı – investorun investisiya layihəsi üzrə çəkdiyi xərclərin istehlakçılar tərəfindən xidmət haqları formasında tam və ya qismən ödənilməsi mümkün olmadığı hallarda onların ödədiyi xidmət haqları və investorun itkiləri nəzərə alınmaqla, tərəflərin razılığı ilə müəyyən edilən və İqtisadiyyat Nazirliyi tərəfindən verilən maddi yardım;
- dövlət zəmanəti – «TİT» modelinə uyğun bağlanmış müqavilə üzrə investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir. Müqaviləyə investorun təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, İqtisadiyyat Nazirliyi həmin investisiya layihəsi üzrə investorun götürdüyü öhdəliklərə görə məsuliyyət daşımır;
- güzəştlər – tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini «TİT» modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.
Dövlət üçün DÖST-ün hansı üstünlikləri var?
Dövlət maraqları baxımından DÖST layihələrinin geniş implementasiyası bir neçə istiqamətdə əlverişli ola bilər: i) yerli və xarici sərmayəçilərin cəlb edilməsi; ii) sosial-infrastruktur layihələrinin özəl sektorun iştirakı ilə tətbiqi; iii) büdcədə investisiya xərclərinin optimallaşdırılması; iv) dövlət (ictimai) xidmətlərin təşkilində keyfiyyətin yüksəldilməsi; v) DÖST iştirakçılarının qarşılıqlı təcrübə mübadiləsi ilə mümkün risklərin bölüşdürülməsi.
İnvestor üçün DÖST-ün hansı üstünlikləri var?
İnvestorların maraqları baxımından DÖST layihələrinin geniş implementasiyası bu istiqamətlərdə əlverişli ola bilər: i) uzunmüddətli və geri qaytarıla bilən investisiya; ii) etibarlı tərəfdaşlığın yaranması; iii) layihələrin dövlət dəstəyi ilə icrası, yəni: dövlət zəmanətini əldə etmə, riskləri dövlətlə bölüşdürülmə, rüsum və yığımlardan azad olunma; iv) investor imicinə müsbət təsir etmə.