«Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, «Tik-idarə et-təhvil ver» modelinə uyğun investisiya qoyuluşu nəticəsində istehsal olunan mal və xidmətlərin əvəzində İqtisadiyyat Nazirliyi və ya istehlakçılar tərəfindən müqaviləyə müvafiq olaraq investora xidmət haqqı ödənilir.

Eyni zamanda, investorun investisiya layihəsi üzrə çəkdiyi xərclərin istehlakçılar tərəfindən xidmət haqları formasında tam və ya qismən ödənilməsi mümkün olmadığı hallarda, onların ödədiyi xidmət haqları və investorun itkiləri nəzərə alınmaqla, tərəflərin razılığı ilə əməkdaşlıq yardımı müəyyən edilir və İqtisadiyyat Nazirliyi tərəfindən maddi yardım kimi investora verilir.

«Tik-idarə et-təhvil ver» modeli üzrə həyata keçirilən investisiya qoyuluşları nəticəsində istehsal olunan mal və xidmətlərin dəyəri onların növləri, istehlakının və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla, tərəflərin razılığı əsasında müəyyənləşdirilir (qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla). Tərəflərin razılığına əsasən İqtisadiyyat Nazirliyi investorun istehsal etdiyi mal və xidmətlərin müəyyən həddə qədər satın alınmasına dair Mülki Məcəlləyə uyğun olaraq qarantiya öhdəliyi götürə bilər. Bu müddəalar həmçinin əməkdaşlıq yardımına da tətbiq edilir.

«Tik-idarə et-təhvil ver» modelinə uyğun bağlanmış müqavilə üzrə investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir. Əlavə olaraq, investisiya layihələrini «Tik-idarə et-təhvil ver» modeli üzrə həyata keçirən investor müvafiq dövlət rüsumlarından və yığımlardan azaddır.

«Dövlət borcu haqqında» və «Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında» qanunlara görə, veriləcək dövlət zəmanətinin şərtləri, habelə qarantiya öhdəliyi götürüləcəyi təqdirdə, onun həcmi və müddəti investisiya layihələrinin həyata keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi və investor arasında bağlanılan müqavilə ilə tənzimlənir.

Bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin maliyyələşdirilməsi məqsədilə «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hər il dövlət büdcəsində İqtisadiyyat Nazirliyi üçün müvafiq vəsait nəzərdə tutulur.

Bu vəsaitin həcminin hesablanması məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən «Tik-idarə et-təhvil ver» modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda» birgə hazırlanıb təsdiq edilib.

«Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən «Tik-idarə et-təhvil ver» modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsiQaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, investisiya layihəsinin həyata keçirilməsi üçün təsis edilən hüquqi şəxsin fəaliyyətinin predmeti yalnız investisiya layihəsinin həyata keçirilməsi olmalıdır.

Həmin hüquqi şəxs digər sahibkarlıq fəaliyyəti növləri ilə yalnız İqtisadiyyat Nazirliyinin icazəsi ilə məşğul ola bilər. İnvestisiya layihəsinə cəlb olunacaq maliyyə vəsaitinin ən azı 20 faizini investor özü ayırmalıdır. Eyni zamanda, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və ya xidmətlərin əvəzində ödənilməli olan xidmət haqqının müəyyən edilməsi şərtləri, «Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən «Tik-idarə et-təhvil ver» modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası»nın 4-cü hissəsində müəyyənləşdirilir.

«Tik-idarə et-təhvil ver» modelinin implementasiyası istiqamətində İqtisadiyyat Nazirliyinin belə səlahiyyətləri vardır – i) TİT modelinin inkişafı ilə bağlı tədbirlər həyata keçirmək; ii) müqavilələrin icrasına nəzarət etmək və qiymətləndirmək; iii) investorların fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək.