Haqqımızda
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş strateji yol xəritələri, həmçinin Azərbaycanın sosial iqtisadi inkişafına yönəldilmiş konseptual sənədlərdə dövlət-özəl sektor tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırılmasını hədəf olaraq müəyyən etmişdir.
Bu baxımdan, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kollegiyasının 16.07.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında nümunəvi Əsasnamə təsdiq olunub.
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;
- dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;
- dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində kiçik və orta biznesin iştirakının genişləndirilməsinin təmin edilməsi;
- dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və institusional potensialının gücləndirilməsi;
- dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlili, araşdırılması və implementasiyası üçün işlərin görülməsi.