İnfrastruktur obyektinin həm tikinti, həm də nəzərdə tutulan istismar müddəti ərzində onunla bağlı xərclərin və əldə olunacaq gəlirlərin nəzərə alınması xidmət təminatının effektivliyini yüksəldir. Optimal risk bölgüsü istənilən DÖST sxeminin əsas prinsipidir. Layihənin icrası çərçivəsində potensial risklər müəyyən edilir və dövlət və özəl sektor arasında bölünür. Bu zamana risklər onları daha səmərəli idarə edən tərəfə yönəldilir. DÖST modelinin digər mühüm elementi fəaliyyətin nəticəsinə görə məsuliyyət daşımaqdır. Belə ki, dövlət tərəfindən özəl sektora ödənişlər əvvəlcədən müəyyən edilmiş kəmiyyət, keyfiyyət və müddət normalarına uyğun görülmüş iş və ya əldə edilmiş nəticə əsasında həyata keçirilir. Eyni zamanda, DÖST layihəsinin hazırlanması zamanı təfərrüatlı araşdırma və təhlillər, o cümlədən “pula görə dəyər” (value for money), ənənəvi satınalma ilə müqayisə (public sector comparator), texniki iqtisadi əsaslandırma və s. həyata keçirilir ki, bu da uyğun layihənin seçilməsinə və uğurla həyata keçirilməsinə əlverişli imkan yaradır.