Biznes mühiti
Əlverişli qanunvericilik bazası
- Xarici investorların fəaliyyəti üçün hüquqi və iqtisadi əsasları təmin edən “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir və hazırda qüvvədədir.
Sözügedən qanunvericiliyə görə investisiya fəaliyyətinə dövlət təminatları:
- Xarici investorlara milli rejim tətbiq edilir, yəni yerli investorlara tətbiq edilən rejim ayrı-seçkilik edilmədən onlara da şamil olunur;
- Xarici investisiya ilə əlaqədar məbləğlərin sərbəst köçürülməsinə təminat verilir.
- Xarici investisiya Azərbaycan xalqına və dövlət mənafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla milliləşdirilmir. Təbii fəlakət, qəza epidemiya, fövqəladə hallar xarakteri daşıyan başqa hallar istisna olmaqla rekvizisiya edilmir. Milliləşdirmə və rekviziya əvəzində investora təxirə salınmadan, adekvat və effektiv kompensasiya ödənilir.
- Zərərə görə kompensasiya nəzərdə tutulur;
- Xarici investisiyalar tam və qeyd-şərtsiz müdafiə olunur;
- Xarici investorlar yerli məhkəmələrə, arbitraj məhkəməsinə, o cümlədən beynəlxalq arbitraja müraciət edə bilərlər.
Lisenziya və icazələrin alınması prosedurunun sadələşdirilməsi
- Lisenziya tələb edilən fəaliyyət növlərinin sayı 59-dan 37-yə azaldılmış, icazələrin sayı isə 330-dan 86-ya endirilmişdir;
- Lisenziyalar “bir pəncərə” prinsipi əsasında “ASAN Xidmət” mərkəzlərində İqtisadiyyat Nazirliyi tərəfindən müddətsiz verilir;
- Lisenziyalara görə dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmışdır;
- Lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmişdir;
- Lisenziyaların və icazələrin verilməsi, yenidən rəsmiləşdirilməsi, dublikatının verilməsi, dayandırılması, bərpası, ləğvi proseduru, lisenziyaların və icazələrin vahid reyestrinin elektronlaşdırılmasını təmin etmək məqsədilə “Lisenziyalar və İcazələr Portalı” yaradılmışdır.
Vergi və gömrük güzəştləri
- İqtisadiyyatın prioritet sektorları (kənd təsərrüfatı, sənaye, turizm, alternativ və bərpa olunan enerji) üzrə fəaliyyət göstərən investorlar mühüm güzəştlər təqdim edən investisiya təşviqi sənədi təqdim edilir. İnvestorlar investisiya təşviqi sənədini aldığı tarixdən 7 il müddətinə idxal etdikləri avadanlıqlara və qurğulara görə ƏDV və gömrük rüsumlarından, eləcə də torpaq və əmlak vergisinin ödənilməsindən azad edilir, gəlir və ya mənfəətinin 50 faizinin vergiyə cəlb edilməsi hüququnu əldə edirlər;
- Əlverişli investisiya şərtlərinin təmin edilməsi məqsədilə 5 sənaye, 2 yüksək texnologiyalar parkı, eləcə də 5 sənaye məhəlləsi yaradılmışdır. Sənaye və texnologiyalar parklarının rezidenti statusunu almış fiziki və hüquqi şəxs olan investorlar qeydiyyata alındıqları tarixdən başlayaraq 10 il müddətinə idxal etdikləri avadanlıqlara və qurğulara görə ƏDV-nin, gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla), mənfəət, torpaq və əmlak vergisinin, 7 il müddətinə idxal etdikləri avadanlıqlara və qurğulara görə gömrük rüsumunun ödənilməsindən azad edilmişdir;
- Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki və hüquqi şəxslər torpaq vergisi istisna olmaqla, 2024-cü il 1 yanvar tarixinədək ƏDV, gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergidən azad edilmişdir;
- Mikro sahibkarlıq subyekti olan sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin və ya mənfəətin 75 faizi vergidən azad olunmuşdur, həmçinin mikro və kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq edilir;
- Mikro və ya kiçik sahibkarlıq subyekti olan startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir və ya mənfəət 3 il müddətinə vergidən azad edilmişdir;
- KOB klaster şirkəti KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə idxal etdikləri avadanlıqlara və qurğulara görə ƏDV-dən, eləcə də mənfəət, əmlak və torpaq vergisindən azad edilmişdir;
- Ölkədə sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün daha da əlverişli mühitin formalaşdırılması məqsədilə Ələt Azad İqtisadi Zonasının yaradılması prosesi davam etdirilir.
İnstitutsional mexanizmlər və struktur islahatları
- “Azərbaycan İnvestisiya Şirkəti” QSC qeyri-neft sektorunun prioritet sahələrində irimiqyaslı investisiya layihələrinin birgə maliyyələşdirilməsini həyata keçirir;
- Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ölkəyə investisiya yatırmaqda maraqlı olan xarici investorlara “vahid pəncərə” funksiyası əsasında xidmət göstərir və dəstək verir;
- Sahibkarlığın İnkişafı Fondu qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir;
- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində fəaliyyət göstərir;
- Dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərini, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, mülkiyyət hüquqlarının daha effektiv qorunması ilə bağlı məsələləri özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılması, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılmışdır;
Beynəlxalq sazişlər
- 49 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş, 55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanmışdır.
Daha ətraflı:
https://azpromo.az/storage/398/8qn7zfTeLv-Doing-Business-2020-son.pdf