Bişkek_06.10.2022
«Dövlət-özəl tərəfdaşlığı sahəsində Beynəlxalq Konfrans»
5-6 oktyabr 2022-ci il, Bişkek, Qırğız Respublikası
Tematik sessiya
«Dövlət-özəl tərəfdaşlığı sahəsində milli siyasətinin
təkmilləşdirilməsi»
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin DÖST İnkişafı Mərkəzinin direktoru
Anar Salmanovun çıxışının mətni
Hörmətli beynəlxalq forum iştirakçıları!
Xanımlar və cənablar.
İlk növbədə Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru c-b Temiraliyev Umbriel Temiralieviçə və Qırğız Respublikasının Dövlət-Özəl Tərəfdaşlıq Mərkəzinin direktoru c-b Bolotov Sanjarbek Baktıbekoviçə «Dövlət-özəl tərəfdaşlığı sahəsində Beynəlxalq Konfrans»a dəvətə görə təşəkkürümü bildirmək istəyirəm.
Fürsətdən istifadə edərək, c-b Temirəliyevin bu yaxınlarda yüksək vəzifəyə təyin olunmasını nəzərə alaraq, onu təbrik etmək və bu maraqlı, eyni zamanda məsuliyyətli işdə uğurlar arzulamaq istərdim. Burada, qardaş Qırğızıstanda, dostlar və həmfikir insanlar arasında olmaq çox xoşdur. Sevindirici haldır ki, Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun rəhbərliyi ilə respublika sürətli inkişaf və uğurlu islahatlar yolu ilə gedir.
Gələn il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasının Müstəqillik Günü münasibətilə müraciətinin mətnində deyildiyi kimi: «Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafı sevindiricidir». Və ölkələrarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsi bu ilin aprel ayında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum sənədləridir.
Hazırkı gündəliyimiz də DÖST formatının keyfiyyətcə yeni səviyyəyə keçmək kimi yüksək məqsəd daşıyır. Əvvəlki mühazirəçilərin çıxışlarında düzgün qeyd olunduğu kimi, müasir dünyada DÖST-ün əsasını dövlətlə özəl sektor arasında iqtisadi əlaqələrin inkişafı təşkil edir. Son 20 ilin təcrübəsi göstərir ki, biznes-menecmentin bu formatı bir tərəfdən iqtisadi inkişafın təmin edilməsi, resursların və istifadə olunmamış ehtiyatların artırılması, digər tərəfdən isə dövlət idarəçiliyinin səmərəliliyi baxımından uğurlu mexanizmdir. Bu cür tərəfdaşlıqlar dövlət və özəl sektorlar arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi prosesini nəzərdə tutur, o cümlədən DÖST-ün qarşılıqlı potensialından tam istifadəni və innovativ resurslar və onların nəticələrinin əlaqələndirilməsini təmin edən iqtisadi siyasətin səmərəli aləti kimi göründüyü Azərbaycan Respublikasında da. Və bu mərhələdə aşağıdakı kompleks tədbirlər bizim üçün prioritetdir:
- qanunvericilik bazasının təkmilləşdirilməsi;
- səlahiyyətli qurumun müəyyən edilməsi;
- inkişaf perspektivlərinin, icra mexanizmlərinin və maliyyə mənbələrinin müəyyən edilməsi;
- fəaliyyətin qiymətləndirilməsi əsasında səmərəliliyin artırılması sisteminin yaradılması.
Qeyd edək ki, DÖST mexanizmləri Azərbaycanda ilk dəfə ötən əsrin 90-cı illərində tətbiq edilib. Azərbaycanda həyata keçirilən neft strategiyası çərçivəsində ilk dəfə olaraq hökumətlə qlobal enerji və investisiya korporasiyaları arasında hasilatın pay bölgüsünə dair beynəlxalq sənədlər imzalandı, beləliklə, ölkənin neft-qaz sektorunda hasilat transmilli özəl sektor tərəfindən həyata keçirilməyə başlandı.
1. QANUNVERİCİLİK BAZASI
Hazırda Azərbaycanda DÖST mühiti «Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında» Azərbaycan Respublikasının 177-VG nömrəli 15.03.2016-cı il tarixli Qanunu ilə tənzimlənir.
Həmin Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 07.12.2016-cı il tarixli, 1149 nömrəli Fərmanı ilə «Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən «Tik-idarə et-təhvil ver» modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası» təsdiq edilmişdir.
Həmçinin, Maliyyə Nazirliyinin Kollegiyasının Q-06 nömrəli 22.05.2017-ci il tarixli qərarı ilə «Tik-idarə et-təhvil ver» modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda» təsdiq edilib.
Azərbaycanda investisiya fəaliyyətinin stimullaşdırılması məqsədilə yeni «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 551-VIQ nömrəli 22.06.2022-ci il tarixli Qanununda DÖST mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur.
DÖST sahəsində normativ-hüquqi bazanın inkişaf etdirilməsi istiqamətində fəaliyyətimiz davam edir və yaxın vaxtlarda bu sahəni tənzimləyən yeni qanunun qəbul edilməsi gözlənilir. Yeni qanun layihəsi bütün DÖST modellərini və digər zəruri məqamları ehtiva etməklə yanaşı institusional müstəqilliyə malik yeni tənzimləyiciyi qurumun yaradılmasını da nəzərdə tutur.
2. PLANLAŞDIRILAN DÖST LAYİHƏLƏRİ
Məlumat vermək istəyirik ki, növbəti illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyalar təşviq olunacaq, dövlət aktivləri özəl sektora çevriləcək. Hüquqi şəxslərin (səhmlərin nəzarət paketi dövlətə məxsus olduğu) özəlləşdirilməsi və iqtisadiyyatın, o cümlədən dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə maliyyələşdirilməsi həyata keçiriləcək.
Bununla bağlı «Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası» təsdiq edilib. Strategiyanın fəaliyyət planında DÖST ilə bağlı həyata keçirilməsi planlaşdırılan layihələr aşağıdakılardır:
1. Turizm sektorunun davamlı inkişafının təmin edilməsi – bunun üçün nəzərdə tutulur:
- ölkənin müxtəlif şəhər və rayonlarında DÖST çərçivəsində xarici vətəndaşlara tibbi turizm sahəsində xidmət göstərən tibb müəssisələrinin sayının artırılması;
- turizm gəlirlərində tibbi turizmin payının artırılması.
2. Tranzit potensialın və ticarət-logistika istiqamətinin inkişafı və bunun üçün aşağıdakılar nəzərdə tutulur:
- DÖST əsasında ölkədə avtomobil parklarının (yük avtomobil parklarının) yaradılması;
- tranzit və idxal-ixrac yükdaşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinə xidmət göstərilməsində DÖST çərçivəsində yaradılmış avtonəqliyyat vasitələri parklarının payının artırılması.
3. Yeni özəlləşdirmə strategiyasının implementasiyası çərçivəsində aşağıdakı tədbirlər yerinə yetiriləcək:
- təsərrüfat subyektlərinin kommersiyalaşdırılması, idarəetməyə verilməsi və ya birgə istifadə mexanizminin yaradılması;
- müvafiq sahələrdə dövlət əmlakının (müəssisələrin, payların) idarə edilməsi və ya kommersiyalaşdırılması.
4. Aşağıdakılara yönəlmiş innovasiya ekosisteminin inkişafı:
- İKT infrastrukturu layihələrinə özəl sektorun investisiyasının təşviqi, o cümlədən İKT miqrasiyası, sosial sığorta, gömrük rüsumları və vergi güzəştlərinin nəzərə alınması;
- DÖST çərçivəsində infrastruktur layihələrinə investisiya qoyuluşunda iştirak edən özəl sektor subyektlərinin payının artırılması baxımından müsbət dinamikanın əldə edilməsi.
5. Aşağıdakı sahələrdə innovasiyaların tətbiqi imkanlarının genişləndirilməsi:
- DÖST çərçivəsində telekommunikasiya operatorları ilə birlikdə rabitə şəbəkələrinin inkişafı;
- DÖST çərçivəsində telekommunikasiya operatorları ilə birlikdə rabitə şəbəkələrinin inkişafında müsbət dinamikanın əldə edilməsi.
6. Aşağıdakı formatda Azərbaycanda qaz və istilik təchizatı sistemlərinin səmərəliliyinin artırılması:
- istilik təchizatı sahəsində DÖST-ün inkişafı;
- istilik təchizatı sahəsində fiziki şəxslərin payının artırılmasının müsbət dinamikasına nail olunması.
7. Aşağıdakılar vasitəsilə bərpa olunan enerji mənbələrindən istifadənin artırılması:
- DÖST çərçivəsində bərpa olunan enerji infrastrukturunun genişləndirilməsi;
- təsdiq edilmiş sayda bərpa olunan enerji qurğularının tikintisinin və istismara verilməsinin təmin edilməsi;
- dənizdə külək enerjisinin potensialının öyrənilməsi və bu potensialın istifadəsi istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi.
3. İNSTİTUSİONAL MÜHİT
Qeyd edək ki, DÖST layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda DÖST İnkişaf Mərkəzi yaradılıb. İqtisadiyyat Nazirliyinin Kollegiyasının 16.07.2019-cu il tarixli qərarı ilə Mərkəzin əsas fəaliyyət istiqamətlərini müəyyən edən Nümunəvi Əsasnaməsi təsdiq edilib:
- DÖST qanunvericilik bazasının və institusional infrastrukturunun inkişafı üçün təkliflərin verilməsi;
- DÖST proqram və layihələrinin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;
- DÖST proqram və layihələrində kiçik və orta biznesin iştirakının genişləndirilməsinin təmin edilməsi;
- DÖST-də bütün maraqlı tərəflərin potensialının artırılması;
- DÖST meyarlarına uyğun layihələrin həyata keçirilməsi.
4. RƏSMİ VEB SƏHİFƏ AÇILIB
Mərkəz institusionallaşma üzərində fəal işləyir və tamamlanan işlərdən biri də bu il Mərkəzin rəsmi internet səhifəsinin istifadəyə verilməsidir. Veb-səhifə Asiya İnkişaf Bankı ilə bağlanmış texniki yardım layihəsi çərçivəsində hazırlanıb və buna görə biz Asiya İnkişaf Bankına xüsusi təşəkkürümüzü bildiririk.
Saytın yaradılmasında məqsəd dövlət-özəl tərəfdaşlığında maraqlı tərəfləri məlumatlandırmaq, müvafiq layihələrin icrasını stimullaşdırmaq və bu xidmətlərə çıxışı asanlaşdırmaqdır. Sayt həmçinin qlobal layihələrin inkişafı və təşviqini təmin edən «SOURCE» onlayn platforması ilə inteqrasiya olunub.
5. ONLAYN TƏLİM PLATFORMASI
Ölkədə DÖST modelinin təbliği məqsədilə Mərkəz «Azərbaycanda dövlət-özəl tərəfdaşlığı mühiti» adlı təlim kursu hazırlamışdır – kurs canlı və onlayn formatda tətbiq edilir.
Ölkənin müxtəlif bölgələrində dövlət və özəl strukturların nümayəndələri üçün təlim və maarifləndirici tədbirlərə start verilib. Biznes nümayəndələri üçün «Azərbaycanda dövlət-özəl tərəfdaşlığı mühiti» mövzusunda geniş formatlı maarifləndirici seminarlar keçirilir.
6. MƏLUMAT BAZASI YARADILIB
DÖST İnkişafı Mərkəzinin dövlət qurumları ilə keçirdiyi görüşlər nəticəsində Mərkəz artıq hökumətin həyata keçirmək niyyətində olduğu bir sıra potensial DÖST layihələri üzrə ilkin təkliflər alıb. Bu təkliflər təhlil edilərək beynəlxalq təcrübə və perspektiv layihələrin aktuallığı əsasında mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. Növbəti mərhələdə daha prioritet layihələr seçiləcək və müvafiq dövlət qurumları ilə qarşılıqlı formatda iş aparılacaqdır.
Qeyd edək ki, investorların axtarışı və layihələrin implementasiyası üçün dövlət qurumlarından daxil olan DÖST layihələri ilə bağlı məlumatlar «SOURCE» qlobal platformasında da yerləşdiriləcək.
7. LAYİHƏLƏR ÜZRƏ MƏLUMAT BAZASI
Bu il DÖST İnkişafı Mərkəzi 18 mərkəzi icra hakimiyyəti və 23 yerli icra hakimiyyəti orqanı ilə görüşlər keçirib. Ümumilikdə bu günə kimi bizə 78 layihə barədə məlumat təqdim edilib ki, onları aşağıdakı sektorlar üzrə təsnifatlaşdırmaq olar:
- İT sektoru – DAB+ standartının rəqəmsal yayımının tətbiqi layihələri, kosmik mövzular üzrə interaktiv mərkəz, Sumqayıtda “Ağıllı şəhər” pilot layihəsi;
- sosial sahə – mədəniyyət və qış/yay turizmi obyektləri;
- enerji sektoru – yaşıl enerji, tullantıların idarə edilməsi layihələri;
- su təsərrüfatı sektoru – su anbarları, sutəmizləyici qurğular, suvarma sistemləri;
- aqrar sahə sektoru – aqroparklar, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı müəssisələri, soyuducu və logistika anbarları;
- sənaye sektoru – müxtəlif tipli zavod və fabriklər;
- nəqliyyat sektoru – şəhərdaxili/şəhərlərarası müntəzəm sərnişindaşıma sisteminin qurulması, beynəlxalq avtomobil yükdaşımaları sisteminin qurulması, poçt daşımaları və logistika üçün qarajın yaradılması və yenidən qurulması;
- səhiyyə sektoru – Bakı Diaqnostika Mərkəzinin yaradılması, Gəncədə tibb müəssisəsinin yaradılması, Ümumi Cərrahiyyə Mərkəzinin yaradılması, Respublika Perinatal Mərkəzinin yenidən qurulması, Kardioloji Mərkəzin yaradılması, torakal cərrahiyyə və intensiv pulmonologiya mərkəzi, regional uşaq müalicə və reabilitasiya mərkəzlərinin yaradılması, klinik yanıq mərkəzinin yaradılması, insult mərkəzinin yaradılması, regional ümumi tibb mərkəzlərinin yaradılması.
Və xüsusi bir istiqamət kimi məhz tranzit və nəqliyyat-logistika sektorlarında DÖST-ün inkişafı təşəbbüsləri keçir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv-ölkələrin Səmərqənddə keçirilən sonuncu Zirvə toplantısındakı çıxışında qeyd olunduğu kimi, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı. Zəngəzur dəhlizinin açılışından sonra bu amil region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut boyunca yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
2024-cü ildə beynəlxalq hava limanlarının sayı bugünkü mövcud 7-dən 9-a yüksələcək. Bu ilin 7 ayı ərzində Azərbaycan ərazisindən tranzit 50 % yaxın artıb. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma gücünə malikdir, hansı ki, 25 milyon tona çatdırıla bilər – qeyd edim ki, o cümlədən DÖST vasitəsi ilə də.
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərində minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu inşa edir. – yenə qeyd edim ki, burada DÖST formatında böyük investisiyalar üçün də geniş imkanlar var.
Nitqimi yekunlaşdıraraq bir daha qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında DÖST formatının uğurlu inkişafı üçün fundamental ilkin şərtlər və imkanlar yaradılmışdır.
Diqqətinizə görə təşəkkürlər!