Azərbaycanda Dövlət-özəl tərəfdaşlığı mühiti
İnstitusional çərçivə
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş strateji yol xəritələri, həmçinin Azərbaycanın sosial iqtisadi inkişafına yönəldilmiş konseptual sənədlərdə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) mexanizmləri vasitəsilə iqtisadi inkişafda özəl sektorun rolunun artırılmasını hədəf olaraq müəyyən edib. Bu baxımdan, müvafiq infrastruktur layihələrin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 16.07.2019-cu il tarixli Qərarı ilə Mərkəzin nümunəvi əsasnaməsi də təsdiq olunmuşdur.
Hazırda, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
– dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;
– dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;
– dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi;
– dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi;
– dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi, araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.
Hüquqi çərçivə
Azərbaycanda DÖST mühiti “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşməsi əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 15.03.2016-cı il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 07.12.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası” və Maliyyə Nazirliyi kollegiyasının 22.05.2017-ci il tarixli Q-06 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda” ilə tənzimlənirdi.
2022-ci ilin 27 dekabr tarixində “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının yeni Qanunu qüvvəyə mindi və bu qanunun qüvvəyə minməsi ilə yuxarıda sadalanan normativ hüquqi aktlar ləğv edilmiş, bağlanılmış müqavilələrə isə hazırda Mülki Məcəllənin və “İnvestisiya fəaliyyəti haqqında” qanunun müddəaları tətbiq ediləcəkdir.
Yeni qanun dövlət-özəl tərəfdaşlığını dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyəti kimi təsbit edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti qanunun implemintasiyasını tənzimləyən dövlət-özəl tərəfdaşlığı qaydalarını müəyyən edəcəkdir.
Dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyənləşdirilib ki, o cümlədən dövlət-özəl tərəfdaşlığı sahəsində:
· dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etsin;
· layihənin icrası üzrə müsabiqə sənədlərinin və müqavilələrin layihəsini və ya müqavilələrin əsas şərtlərini hazırlasın;
· özəl tərəfdaşın müəyyən edilməsi məqsədilə müsabiqəni və ya birbaşa danışıqları təşkil etsin;
· layihə təkliflərinin qiymətləndirilməsini və müvafiq məlumat bazasının yaradılmasını təmin etsin;
· müsabiqənin şərtlər toplusunun hazırlanmasını və layihə üzrə dövlət tərəfdaşı ilə razılaşdırılmasını, dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılmasını və ya birbaşa danışıqlar əsasında müqavilənin bağlanılmasını, habelə müqaviləyə dəyişiklik edilməsini təşkil edir.
Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir. Layihələrdə dövlətin iştirak forması və üsulları İqtisadiyyat Nazirliyi tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən edilir və müsabiqənin şərtlər toplusunda qeyd olunur. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi də hər layihə üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir.
Dövlət-özəl tərəfdaşlığı layihələri, onların seçilməsi qaydası və iddiaçılara dair tələblər qanunun III, dövlət-özəl tərəfdaşlığı müsabiqəsi qanunun IV, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin şərtləri, bağlanılması, dəyişdirilməsi və ləğvi qaydası qanunun V, özəl tərəfdaşlara və kreditorlara verilən dövlət dəstəyi və təminatlar qanunun VI, dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasının monitorinqi və hesabatlılığı qanunun VII fəsli ilə tənzimlənir.