Anar Famil oğlu Salmanov 1977-ci il dekabrın 21-də Bakı şəhərində anadan olub.

1994-2000-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alıb. Təhsili fərqlənmə diplomu ilə bitirdikdən sonra, 2000-ci ildə BDU-nun aspiranturasına daxil olub. 2005-ci ildə dissertasiya müdafiə edərək hüquq elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2003-cü ilin avqust ayından 2008-ci ilin mart ayınadək Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində əvvəlcə aparıcı məsləhətçi, sonra isə baş məsləhətçi olub.

2008-ci ilin mart ayından 2009-cu ilin oktyabr ayınadək Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı mübarizə şöbəsinə rəhbərlik edib, bu sahədə milli fəaliyyət strategiyasının hazırlanması və implementasiyasında fəal iştirak edib. «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanunun elmi Kommentariyasının müəllifidir.

2009-cu ildə Avropa Şurasının MONEYVAL Komitəsinin xüsusi birillik Təlim Proqramını tamamlayaraq ekspert-qiymətləndirici dərəcəsinə layiq görülüb. 2010-cu ildə Lüksemburq Böyük Hersoqluğunda Maliyyə Texnologiyalarının Transferi Agentliyinin xüsusi birillik Təlim Proqramını tamamlayaraq ACAMS-a üzv qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli, 518 nömrəli Sərəncamı ilə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini vəzifəsinə təyin olunub. 2016-cı ilin aprel ayından 2018-ci ilin oktyabr ayınadək Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin direktoru olub.

2006-2018-ci illər ərzində Avropa Şurasının MONEYVAL Komitəsində Azərbaycan nümayəndə heyətinin əvvəlcə rəhbər müavini, sonra isə rəhbəri olub. 2011-ci ildə, Azərbaycan adından ilk dəfə, MONEYVAL-ın qiymətləndirici missiyasının tərkibində digər dövlətlərin pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin qiymətləndirilməsini aparıb. 2017-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun yeni yaradılmış Beynəlxalq Əməkdaşlığın Qiymətləndirilməsi Qrupunun Avropa/Avrasiya müştərək regional qrupunun üzvü seçilib.

2019-2022-ci illər ərzində özəl biznes sahəsində çalışıb.

2022-ci ilin aprel ayında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru təyin olunub.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.