2021-ci il Hesabat
Asiya İnkişaf Bankının Asiya və Sakit Okean Regionunda Layihələrin Hazırlanması Mexanizmi (Asia Pacific Project Preparation Facility – AP3F) çərçivəsində təmin edilən texniki dəstək layihəsinin icrasına başlanılmışdır.
Layihənin məqsədi ölkədə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) mexanizmi vasitəsilə infrastruktur təminatının dəstəklənməsidir. Layihə 3 komponentdən ibarətdir:
- Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzi üzrə institusional potensialın gücləndirilməsi və dövlət-özəl tərəfdaşlığı üzrə layihələrin qiymətləndirilməsi;
- DÖST İnkişafı Mərkəzinin internet resursunun hazırlanması və dövlət-özəl sektor tərəfdaşlığı üzrə qlobal şəbəkələrə inteqrasiya edilməsi;
- dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması üzrə təlimlərin və peşəkar sertifikasiya proqramlarının təşkil edilməsi.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, səhiyyə sektorunda DÖST layihələrinin həyata keçirilməsi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunması məqsədilə KOBİA və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri Türkiyəyə təcrübə səfəri ediblər.
Oktyabrın 4-də İstanbulda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və İstanbul PPP Mərkəzinin rəhbəri Eyup Vural arasında dövlət-özəl sektor tərəfdaşlığına dair görüş keçirilib. Tədbirdə səhiyyə sektorunda DÖST layihələrinin tətbiqinə, bu sahədə Türkiyə təcrübəsinə, KOBİA-nın DÖST modelinin müxtəlif sektorlarda tətbiqinə dair gördüyü işlərə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin səfər zamanı nümayəndə heyəti DÖST modeli əsasında qurulmuş bir sıra xəstəxanlarda olmuş və qazilərimizi ziyarət ediblər.
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı və İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin dəstəyi ilə mayın 8-də dövlət-özəl sektor tərəfdaşlığına dair növbəti vebinar keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın Türkiyədə səhiyyə sahəsində dövlət-özəl sektor tərəfdaşlığı təcrübəsi, bu sahədə həyata keçirilən layihələr və onların xüsusiyyətləri barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Müzakirələr çərçivəsində ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi üçün imkanların olduğu, bu sahədə Türkiyənin müsbət təcrübəsindən yararlanmağın əhəmiyyəti vurğulanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının (WAPPP) illik konqresində təmsil olunub. 14-16 iyun tarixlərində onlayn formatda təşkil olunmuş tədbirin MDB üzrə panel müzakirəsində KOBİA adından iştirakçılara Azərbaycanda aparılmış islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, dövlət-özəl sektor tərəfdaşlığı (DÖST/PPP) mühitinin inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib. Həmçinin, işğaldan azad olunmuş Qarabağın dağıdılmış ictimai infrastrukturunun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb.
Belarus, Qazaxıstan və Qırğızıstanın DÖST mərkəzlərinin nümayəndələrinin də iştirak etdiyi paneldə ümumilikdə regionun PPP imkanları, qarşıda duran əsas çağırışlar və sözügedən modelin gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb və suallar cavablandırılıb.