Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin 2020-ci il üzrə fəaliyyətinə dair məlumat

İnstitusional mühit

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kollegiyasının 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında nümunəvi əsasnamə təsdiq edilmişdir. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla ilkin mərhələ üçün DÖST İnkişafı Mərkəzinin 10 nəfərdən ibarət strukturu hazırlanmış və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin 09 sentyabr 2019-cu il tarixli F-39 nömrəli əmri ilə təsdiq edilmişdir.

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi,  araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.

 

Hüquqi və strateji çərçivə

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən «Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə qanunvericilik və tənzimləyici çərçivənin hazırlanması» layihəsi çərçivəsində ölkə üzrə DÖST hüquqi mühitinə dair müfəssəl diaqnostik təhlil həyata keçirilmişdir.

Diaqnostik təhlilin nəticələri və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla, layihə ekspertlərinin iştirakı ilə bütün DÖST modellərinin tətbiqini ehtiva edən Dövlət-Özəl Sektor Tərəfdaşlığı haqqında Qanun layihəsi hazırlanmışdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən «Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə qanunvericilik və tənzimləyici çərçivənin hazırlanması» layihəsi çərçivəsində DÖST İnkişafı Mərkəzinin tərəfdaşlığı ilə beynəlxalq ekspertlər cəlb olunmaqla Dövlət-Özəl Tərəfdaşlığı üzrə strateji çərçivə sənədi layihəsi hazırlanmışdır. Bu sənədin təqdimatı 24.01.2020-ci il tarixində KOBİA-nın təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, AYİB-in Bakı ofisinin nümayəndələrinin və dövlət-özəl sektor tərəfdaşlığı layihələrində maraqlı tərəflərin iştirakı ilə keçirilmişdir.

DÖST sahəsində potensialın gücləndirilməsi 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı və İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə İnkişaf Mərkəzinin dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı ilə bağlı on-layn seminar təşkil olunmuşdur. Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarın məqsədi ölkəmizdə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi barədə məlumatlılıq səviyyəsinin artırılması, eləcə də bu sahədə xarici təcrübənin öyrənilməsidir.

Tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə İnkişaf Mərkəzinin rəhbəri Eyüp Vural Aydın DÖST sahəsində Türkiyə təcrübəsi, bu sahədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış etmişdir. Tədbir çərçivəsində ümumilikdə, DÖST modelinin mahiyyəti və üstünlükləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

DÖST İnkişafı Mərkəzinin əməkdaşları Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Dövlət Özəl Sektor Tərəfdaşlığı (PPP) təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində 22-23.07.2020-ci il tarixlərində təşkil edilmiş "DÖST sahəsində bacarıqların artırılması” seminarında iştirak etmişdir. 

27.05.2020-ci il tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinin iştirakı ilə “Bərpanın dəstəklənməsi və dayanıqlığının artırılması” mövzusunda Avrasiya vebinarı təşkil olunmuşdur. Dövlət-özəl sektor mexanizmləri barədə məsələlərin də əhatə olunduğu sözügedən vebinarda DÖST İnkişafı Mərkəzinin əməkdaşı iştirak etmişdir.

07-16.10.2020-ci il tarixlərində Qara Dəniz Ticarət və İnkişaf Bankının və Rusiya Federasiyasının Milli DÖST Mərkəzinin birgə təşkilatçılığı ilə DÖST sahəsində onlayn təlimlər təşkil edilmişdir. 5 seminardan ibarət sessiyalar çərçivəsində DÖST üzrə müxtəlif sahələrdə aparıcı mütəxəssislər tərəfindən təqdimatlar edilmişdir. DÖST İnkişafı Mərkəzi təlimlərdə fəal şəkildə təmsil olmuş və aparılmış müzakirələrdə aktiv iştirak edilmişdir. DÖST İnkişafı Mərkəzinin direktoru müvafiq sertifikat ilə təltif edilmişdir.

 

Beynəlxalq əməkdaşlıq və texniki dəstək

DÖST mühitinin inkişaf etdirilməsi məqsədilə beynəlxalq dəstək mexanizmlərindən istifadə istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə, Asiya İnkişaf Bankının Asiya və Sakit Okean Regionunda Layihələrin Hazırlanması Mexanizminə (Asia Pacific Project Preparation Facility – AP3F) rəsmi müracət edilmiş və “Potensialın gücləndirilməsi üzrə yardım: Azərbaycanda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Mexanizminin dəstəklənməsi” üzrə qrant maliyyələşməsi vasitəsilə texniki yardım layihəsi barədə razılıq əldə edilmişdir.

Hazırda layihənin həyata keçirilməsi üçün müvafiq hökumətdaxili prosedurlar həyata keçirilir. Sözügedən layihə çərçivəsində potensial DÖST layihələri silsiləsinin müəyyən edilməsi, aidiyyəti maraqlı tərəflərin DÖST sahəsində potensialının gücləndirilməsi, müvafiq sertifikasiya proqramlarında iştirakının dəstəklənməsi, DÖST layihələrinin təşviqi və məlumatlandırma və informasiya bazasının yaradılması üçün elektron resursun yardılması və s. istiqamətılərdə texniki dəstəyin göstərilməsi nəzərdə tutulur. 

Dayanıqlı İnfrastruktur Fondu ilə əməkdaşlığın inkişaf etdirilməsi və mövcud dəstək mexanizmlərindən və alətlərdən faydalanmaq məqsədilə müvafiq işlər görülmüş, Fondun Proqram menecerinin ölkəmizə səfəri təşkil edilmişdir. Səfər zamanı həyata keçirilən və potensial DÖST layihələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmış və müvafiq sahədə geniş istifadə edilən SOURCE platformasının Azərbaycanda tətbiqi imkanları müzakirə edilmişdir. Sözügedən platforma dünyanın 50-dən çox ölkəsində uğurla tətbiq edilir və DÖST layihələrinin effektiv planlaşdırılması, aidiyyəti qurumlar ilə əlaqələndirilməsi, proseslərin statusunun izlənilməsi və nəzarət edilməsi, xüsusilə də potensial beynəlxalq investorların cəlb edilməsi baxımından unikal mexanizm təklif edir. SOURCE platformasının Azərbaycanda DÖST layihələrinin hazırlanması prosesinə və müvafiq İT resurslarına inteqrasiya edilməsi istiqamətində Dayanıqlı İnfrastruktur Fondu ilə əməkdaşlıq üzrə ilkin razılıq əldə olunmuşdur. 

KOBİA rəhbərliyinin 5-11.03.2020-ci il tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Davamlı İnfrastruktur Siyasəti Bölməsi, İnfrastruktur Layihələrin Hazırlanması Bürosu və İnfrastruktur Fondlarının rəhbər və səlahiyyətləri şəxsləri ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı AYİB-in dəstəyi ilə DÖST üzrə həyata keçirilən layihənin cari statusu və növbəti addımlar üzrə müzakirələr aparılmışdır. Həmçinin, DÖST sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni imkanlar və dəstək mexanizmlərindən istifadə barədə fikir mübadiləsi aparılmışdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi dövlət-özəl sektor tərəfdaşlığı sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilib.

WAPPP dünyanın müxtəlif ölkələrindən olan DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

 

 

Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir. Beynəlxalq assosiasiya üzvlərinə müxtəlif təlimlər, məsləhət xidmətləri, kommunikasiya, təcrübə və məlumat mübadiləsi, digər resurslara çıxış imkanları təmin edir, texniki yardım və maliyyələşmə mənbələrindən istifadə imkanını dəstəkləyir.

19.11.2020-ci il tarixində KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzi arasında dövlət-özəl sektor tərəfdaşlığının inkişafı sahəsində əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İstanbul DÖST Kamillik Mərkəzinin sədri Eyup Vural imzalayıblar.

Niyyət Protokolunda DÖST sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması, təlim və seminarların keçirilməsi, DÖST modeli vasitəsilə Türkiyədən xarici investisiyaların cəlb edilməsinin təşviqi, müvafiq layihələrin hazırlanmasına dəstəyin göstərilməsi və s. sahələrdə birgə əməkdaşlıq və tədbirlərin təşkili nəzərdə tutulur.

DÖST layihələrinin həyata keçirilməsi sahəsində kompleks həll yolları təklif edən və beynəlxalq əməkdaşlıq platformasına malik Koreyanın Xarici İnfrastruktur və Şəhərsalma Korporasiyası (KİND) ilə ilkin əlaqələr yaradılmışdır. Müzakirələr zamanı qurumların fəaliyyəti ilə bağlı qarşılıqlı məlumat verilmiş, potensial əməkdaşlıq istiqamətləri o cümlədən, təcrübə mübadiləsi, KİND-ın təcrübəsinin ölkəmizdə tətbiqi, Azərbaycanda DÖST sahəsində müxtəlif dəstək mexanizmlərinin göstərilməsi və digər maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. KİND ilə əməkdaşlığın praktik müstəviyə keçirilməsi, təşkilatın resurslarının və dəstək mexanizmlərinin Azərbaycanda DÖST layihələrinin icrasına cəlb edilməsi ilə əlaqədar işlər davam etdirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri İstanbul Dövlət və Özəl Sektor Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin (İstanbul PPP Center of Excellence) təşkilatçılığı və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) dəstəyi ilə 2-5.11.2020-ci il tarixlərində təşkil edilmiş “5-ci İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Həftəsi – 2020” beynəlxalq tədbirdə iştirak edib. Onlayn formatda “Dövlət-Özəl Tərəfdaşlığının birlikdə yenidən formalaşdırılması” mövzusunda təşkil olunmuş tədbirdə 40-dan çox ölkənin infrastrukturun inkişafı üzrə və DÖST sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müvafiq sektor üzrə peşəkar mütəxəssislər, akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində KOBİA-nın DÖST İnkişafı Mərkəzi tərəfindən ölkə təqdimatı keçirilib. Ölkə üzrə təqdimat sessiyasında çıxış edilərək Azərbaycanda aparılmış islahatlar çərçivəsində yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, həyata keçirilmiş infrastruktur layihələri və DÖST mühitinin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Həmçinin, tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunmuş rayonlarda dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılmışdır. Həmçinin, tədbirdə müxtəlif mövzular üzrə aparıcı DÖST mütəxəssisləri tərəfindən çıxışlar olmuş, DÖST sahəsində beynəlxalq təcrübələr təqdim edilmiş və müzakirələr aparılmışdır. 

 

 

Potensial DÖST layihələrinin müəyyən edilməsi və həyata keçirilməsi

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına yönəldilmiş Yol Xəritələri, Milli Strategiya və Dövlət Proqramları ilə dövlət-özəl tərəfdaşlığının inkişafı nəzərdə tutulmuş sahələrdə potensial layihələrin müəyyən edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə görüşlər keçirilmiş və müzakirələr aparılmışdır.

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində ilk pilot layihələr həyata keçirilməkdədir. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin yataqxanalarının inşasının dövlət-özəl tərəfdaşlığı modeli əsasında həyata keçirilməsi üçün Asiya İnkişaf Bankının texniki yardım layihəsi çərçivəsində ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə sənəd Təhsil Nazirliyi tərəfindən təsdiq üçün İqtisadiyyat Nazirliyinə təqdim edilmiş və İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmişdir. Sözügedən layihənin həyata keçirilməsi məqsədilə müsabiqənin təşkili istiqamətində müvafiq işlər həyata keçirilir.

Ötən dövrdə Avropa Yenidənqurma və İnkişaf Bankının və İslam İnkişaf Bankının ölkəmizə missiyaları çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat, Maliyyə, Energetika, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Təmiz Şəhər” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə görüşlər keçirilərək qarşılıqlı faydalı müzakirələr aparılmışdır.

Enerji sektorunda potensial DÖST layihələrinin həyata keçirilməsi imkanlarının müəyyənləşdirilməsi məqsədilə 31.01.2020-ci il tarixində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbərliyi ilə görüş keçirilmişdir. Görüş zamanı birgə əməkdaşlıq imkanları müzakirə edilmiş və Agentlik tərəfindən enerji sektorunda xüsusilə də, bərpa olunan enerji istehsalı sahəsində DÖST layihələrinə maraq ifadə edilmişdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş növbəti görüş zamanı enerji sektorunda mövcud vəziyyət, strateji inkişaf və investisiya planları barədə məlumat təqdim edilmişdir. Müvafiq sahədə DÖST modelinin təşviqi və potensial layihələrinin müəyyənləşdirilməsi, eləcə də biznes subyektlərinin məlumatlandırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Dövlət Özəl Sektor Tərəfdaşlığı (PPP) təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin cəlb edilməsi ilə turizm sektorunda biznes yönümlü Təlim Oteli və informasiya və kommunikasiya texnologiyaları üzrə peşə hazırlığının inkişaf etdirilməsi məqsədilə kommersiya məqsədli İKT-Təlim Mərkəzi layihələrinin DÖST modeli əsasında həyata keçirilməsi üçün ilkin konseptual texniki sənədlər hazırlanmış və 11-12.08.2020-ci il tarixlərində onlayn təqdimat təşkil olunmuşdur. Təqdimat çərçivəsində sözügedən potensial DÖST layihələrinin daha effektiv strukturlaşdırılması və layihələndirilməsi məqsədilə müvafiq təklif və tövsiyələr təqdim edilmişdir.